
"IB Group" Şirkətlər Qrupu, Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulması layihəsində mühüm rol oynamışdır. Bu layihə, Azərbaycanın tranzit-logistika potensialının gücləndirilməsində və "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında əhəmiyyətli addımdır.
Layihə çərçivəsində Azərbaycana 2020-ci ildə 7,114 ton, 2024-cü ildə isə əlavə olaraq 8,060 ton rels tədarük edilmişdir. Bu relslər "Yalama-Sumqayıt" dəmir yolu xəttinin çəkilməsi layihəsində istifadə olunmuşdur. Layihənin əsas tikinti işləri yüksək keyfiyyət və standartlarla Türkiyənin "Kolin" şirkəti tərəfindən həyata keçirilmişdir. "IB Group" isə bu layihədə təchizatçı kimi iştirak edərək, rels və digər materialların təmin edilməsinə cavabdehlik daşımışdır.
Yenidənqurma işləri zamanı 200 km-lik hissədə yeni rels-şpal şəbəkəsi quraşdırılmış, 174 km dəmir yolu ilkin hərəkətə açılmışdır. Bundan əlavə, 95 körpü, 225 dairəvi suötürücü boru, 13 heyvan keçidi və 7 yerüstü piyada keçidi inşa edilmişdir. Bu infrastruktur yenilikləri, yükdaşıma və sərnişindaşıma fəaliyyətlərində vaxta qənaət, nəqliyyat vasitələrinin və infrastrukturun istismarı xərclərinin azalması və təhlükəsizliyin artırılması kimi faydalar gətirəcəkdir.
"IB Group" və "Kolin" şirkətinin birgə səyi ilə həyata keçirilən bu layihə, Azərbaycanın nəqliyyat-tranzit potensialının daha geniş və səmərəli istifadəsinə şərait yaratmışdır.